Plasebo effekti xarici görünüşü və dadı dərmanı xatırladan, amma dərman olmayan bir maddəni (plasebonu) qəbul edərkən orqanizmdə müalicə effekti əldə olunmasına deyilir.
Category: Uroloji lüğət
-
multiparametrik MRT
Multiparametrik MRT bir orqanın, xüsusən də prostat vəzin daha detallı və funksional məlumatlarını əldə etmək üçün bir neçə ayrı MRT texnikasını birləşdirən qabaqcıl bir görüntüləmə metodudur.
Multiparametrik MRT ilə toxumanın quruluşu, hüceyrə sıxlığını və qan təchizatı analiz edilir. Nəticədə daha dəqiq diaqnostika ilə orqanda xərçəng varsa, yerini müəyyənləşdirmək mümkün olur və biopsiyaların qarşısını almaq olur.
-
PI-RADS
PI-RADS (Prostate Imaging – Reporting and Data System) prostat xərçəngi ehtimalını qiymətləndirmək üçün Multiparametrik MRT ilə istifadə edilən standartlaşdırılmış təsnifat sistemidir:
PI-RADS 1 – Çox aşağı risk
PI-RADS 2 – Aşağı risk
PI-RADS 3 – Orta risk
PI-RADS 4 – Yüksək risk
PI-RADS 5 – Çok yüksək risk -
Pasternatski simptomu
Bel nahiyəsinə döyəclədikdə böyrəkdə ağrının meydana gəlməsi Pasternatski simptomu adlanır.
Pielonefrit, böyrək daşı xəstəliyi, hidronefroz, paranefrit zamanı Pasternatski simptomu müsbət olur.
-
fizioloji / patoloji
Fiziologiya yunanca fizis (təbiət) və loqos (bilik) sözlərinin birləşməsindən əmələ gəlib, orqanizmin normal şəkildə necə işlədiyini öyrənən elmdir. Fizioloji sözü isə, orqanizmin fəaliyyətinin normalar daxilində, təbii olduğu mənasına gəlir.
Patologiya yunanca pafos (əzab, ağrı, xəstəlik) və loqos – (bilik) sözündən yaranıb, xəstəliklərin səbəbi, inkişafı və təsirini öyrənən elmdir. Patoloji sözü isə, funksiyaların pozulması, normadan kənarlaşma və xəstəlik mənasına gəlir.
-
risk faktoru
Risk faktoru hər hansı bir xəstəliyin bilavasitə səbəbi olmasa da, onun yaranma ehtimalını artıran faktorların ümumi adıdır. Adətən bioloji, ekoloji və sosial risk faktorlarına ayrılır.
Məsələn, siqaret çəkmək sidik kisəsi xərçəngi üçün risk faktoru sayılır.
-
bioptat
Onkoloji xəstəlik şübhəsi zamanı diaqnozu təsdiqləmək üçün orqandan biopsiya ilə nümunə materal götürülür. Bu material bioptat adlanır. Məsələn, prostat vəzin xərçəng xəstəliyindən şübhələndikdə hər tərəfdən 6 (toplam 12) bioptat götürməlidir. Xərçəng diaqnozu bioptatın patoloji müayinəsi nəticəsində təsdiqlənir.
-
anamnez
Yunanca anamnisis – “yada salma” sözündən götürülən anamnez tibbi termini xəstənin həyat şəraiti, yaşayış tərzi, xəstəliyinin inkişafı və s. haqqında onun özündən və ya yaxınlarından toplanan məlumatlara deyilir.
Anamnez diaqnozun, proqnozun və müalicə taktikasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
-
invaziv (prosedur)
Latınca invadere – “içəri, daxilə girirəm” sözündən yaranan invaziv termini diaqnostika və müalicə məqsədilə orqanizmin daxilinə girmək üçün onun təbii örtüyünü – baryerini keçməklə aparılan müdaxilələrə, onların xarakterinə verilən ümumi addır. Məsələn, sidik kisəsinin açıq cərrahi əməliyyatı invaziv, sidik kisəsinin ultrasəs müayinəsi isə qeyri-invaziv prosedurdur.
Kiçik kəsiklərlə və ya kəsiksiz aparılan endoskopik müdaxilələrə isə minimal invaziv prosedurlar deyilir. Məsələn, kiçik alətlə sidik kanalından keçərək sidik kisəsinin daxili divarlarına kamera ilə baxılması proseduru – sisteskopiya minimal invaziv prosedur adlanır.
-
radikal (müalicə)
Onkoloji xəstəliklərdə tez-tez hansısa müalicə metodu ilə birlikdə “radikal” sözü də işlədilir: “Radikal şüa terapiyası”, “radikal nefrektomiya”, “radikal sistektomiya” və s.
“Radikal” sözünün buradaki mənası xəstəliyin tam olaraq aradan qaldırılmasıdır.
Bu o deməkdir ki, xəstəlik bir orqandadır və əməliyyatla və ya şüa terapiyası ilə, ya da başqa bir müalicə üsulu ilə onu tam aradan qaldırmaq olar.
Radikal müalicədən fərqli olaraq “palliativ” müalicədə isə, məqsəd xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq olur.
