Sosial mediada paylaşımlarında və ümumiyyətlə, bütün xəstələr hardansa elə bilir ki, antibiotik yazılan zaman və antibiotik qəbul edən zaman xəstə mütləq probiotik dərmanlardan istifadə etməlidir.
Burada bir az yanlışlıq var. Çünki, məsələnin əsası xəstələrin fikirləşdiyi kimi deyil.
Əsas mövzu nədən ibarətdir?
Xəstələrin bu probiotikləri qəbul etmək istəməsinin əsas səbəbi antibiotik qəbulu zamanı diareya yaranma ehtimalının olmasıdır. Bu bütün xəstələri qorxudur. Xəstələr bununla bağlı həkimə deyir ki,
“Həkim, mənə bir probiotik dərman, mədə-bağırsaq üçün nəsə bir dərman yazın.”
Bəzi dərman şirkətlərinin apardığı kampaniyalar və bəzi həkimlərin bu probiotiklərdən geniş istifadəsi səbəbilə mediada, sosial mediada və el arası belə bir yanlış fikir yaranıb:
“Əgər sən antibiotik qəbul edirsənsə, mütləq probiotik dərmanlardan da istifadə etməlisən.”
Amma bütün araşdırmalar və bütün “guideline”lar, əsasən də Beynəlxalq Qastroenteroloji Cəmiyyətin tövsiyələri, Amerika Qastroenteroloji Cəmiyyətinin tövsiyələri, belə bir nəticəyə gətirib çıxarıb ki, antibiotiklərlə birlikdə probiotiklər ancaq bu 4 halda mütləq yazılmalıdır:
- Uşaqlar. Əsasən də körpə uşaqlar.
Çünki uşaqlarda mədə-bağırsaq sistemində olan bakteriyalar, yəni insanın normal bakteriyaları hələ tam formalaşmayıb və inkişafını davam etdirir. Antibiotiklər bu sistemə zərər yetirə bilər. Buna görə də probiotik dərmanların qəbulu burada mütləq şərtdir. - 65 yaşından yuxarı olan xəstələr. Yəni, yaşlı xəstələr.
Burada da antibiotiklərlə paralel olaraq probiotiklərin qəbulu tövsiyə olunur. - Hansısa bir immunodefisit xəstəliyi (məsələn, QİÇS) olanlar, onkoloji xəstələr, hansı ki, kimyaterapiya qəbul edir və s.
- Əvvəllər antibiotik qəbul edib və diareya ilə rastlaşmış xəstələr. Yəni, xəstənin keçmişdə, anamnezində diareya olub və buna görə də bu qrup xəstələrdə də probiotik dərmanlar tövsiyə olunur.
Ancaq bu hallarda antibiotiklə birlikdə probiotik qəbulu tövsiyyə olunur.
Əgər siz bu 4 qrupdan birinə aidsinizsə, onda mütləq bu probiotik dərmanlardan istifadə etməlisiniz. Digər hallarda isə, antibiotiklə birlikdə probiotik qəbulu tövsiyyə olunmur.
Leave a Reply