Süni sidik kisəsi kimlər üçün uyğundur?

Süni sidik kisəsindən danışmaq istərdim. Mövzu sidik kisəsi xərçəngi olan xəstələrə çox maraqlıdır. 

Sidik kisəsi xərçəngində xəstəliyin elə bir mərhələsi ola bilər ki, həmin o mərhələdə sidik kisəsi çıxmalıdır. Yəni ki, sidik kisəsi tam, limfa düyünlərilə bir yerdə götürülməlidir. 

Və ilk növbədə mənə sual olur ki, 

“Həkim, bəs bu sidik kisəsi götürülürsə, bu adam necə sidiyə çıxacaq?” 

Əgər kimsə bu durumla rastlaşıbsa və ilk növbədə hara gedirsə, buna belə bir cavab verirlər ki, sidiyin çıxışını qarına çıxardacaağıq. Mən loru dilində danışıram, yəni çölə. 

Bu o deməkdir ki, qarın nahiyəsində, urostoma dediyimiz bir əməliyyat variantı var, bu urostoma əməliyyatı olunandan sonra bütün sidik gəlir, plastik torbaya dolur və həmin o plastik torba yapışır qarın hissəsinə. 

Xəstələr çox vaxt urostomaya razı olmurlar

Çox vaxtı xəstələr bu əməliyyata razı olmurlar. Hətta deyərdim ki, Azərbaycanda bəlkə də bir 90-95% xəstələr bu metodun adını eşidəndən sonra buna razı deyillər. Bu halda da yenə deyim, çıxış yolu var. Buna süni sidik kisəsi deyirlər. 

Yəni süni dediyimizdə bu alınma sidik kisəsi deyil. Haradansa gətirilmir. Bu sidik kisəsi həmin o xəstənin bağırsaq hissəsindən tikilir. Yəni ki, biz bağırsağın bir hissəsini ayırırıq, götürürük özümüz üçün, qalan hissələrini biz bərpa edirik, tikirik. 

Burada xəstənin bağırsağının işləməsinə heç bir məhdudiyyət, heç bir problem yaranmır. Amma o ayırdığımız hissədən biz hər xəstənin xüsusiyyətlərini nəzərə alaraq süni sidik kisəsi tikirik –  rezervuar, belə deyək. 

Sidik axarları həmin o rezervuara tikilir və həmin o rezervuar sidik kanalına yenə də tikilir, anastomoz olunur. Sidik kanalına tikiləndə bu o deməkdir ki, bir müddət sonra bu xəstə sidiyə özü gedəcək öz yolu ilə. 

Hansı xəstələrə süni sidik kisəsi qoyula bilər?

Bu metodun da müəyyən göstərişləri var, bu əməliyyat metodunun. Bu o demək deyil ki, hər bir xəstəyə bunu tətbiq etmək olar. 

İkincisi də ki, bu əməliyyatın müəyyən ağırlaşmaları olur: əməliyyat zamanında, əməliyyatdan sonra. 

Bu əməliyyatın olunması-olunmaması xəstədən asılıdır. Xəstənin durumundan asılıdır. 

İndi başa salacağam nəyə görə? 

Sidik kisəsi xərçəngi sidik kanalına yayılmayıbsa süni sidik kisəsi qoyula bilər

Birincisi, bu əməliyyata göstəriş sidik kanalına yayılmayıbsa. Əgər yayılmayıbsa, və sidik kanalından uzaq məsafədə yerləşirdisə, bu əməliyyatı tətbiq etmək olar. 

Yayılıbsa, niyə olmaz?! 

Çünki həmin o sidik kanalına əgər biz bu süni sidik kisəsini tiksək, və orada hansısa törəmənin vizual olaraq belə ocaqları varsa, 100% residiv deməkdir. “Residiv” də yəni ki, törəmə yenə əmələ gələcək orada. 

Əgər uzaqdadırsa, bu risk çox azdır və bu bizə imkan verir ki, biz o əməliyyatı icra edək. 

Süni sidik kisəsi əməliyyatı böyük əməliyyatdır

Süni sidik kisəsi əməliyyatı başqa əməliyyatlardan daha fərqlidir. 

Nəyə görə? 

  • Çünki birincisi, bu əməliyyatın müddəti o biri əməliyyatlara baxanda daha uzundur. 
  • İkincisi, reabilitasiya vaxtı da müəyyən qədər adi, o biri xəstələrə baxanda daha uzundur 
  • və üçüncüsü, bütün bu dediyim mövzular xəstənin durumu ilə bağlıdır. 

Əgər bu xəstə özünə baxan xəstədirsə, özünü idarə eləyirsə, özünün gigiyenasıdır və müəyyən məsələlər var, onlara riayət edirsə, özünə baxın xəstədirsə, bu əməliyyatı eləmək olar. 

Əməliyyatdan sonra süni sidik kisəsini “öyrətmək” lazımdır

Əməliyyat eləmək bu o demək deyil ki, hər şey ideal vəziyyətdə keçəcək. Çünki bu xəstələrin müəyyən vaxtdan sonra sidik kisəsini, belə deyim də, loru dilində desəm, öyrətmək lazımdır ki, tualetə getməyə. 

Çünki o bağırsağın hissəsidir. O bizim beynimizə siqnal vermir ki, biz tualetə getmək istəyirik. 

Müəyyən proqramlar var xəstə üçün, məşq üçün neyləmək lazımdır, nə təhər özünüzü idarə eləmək lazımdır ki, siz başlayasınız özünüz normal yolla sidiyə getməyə. 

Əgər bu xəstə çox punktual xəstədirsə, bunların hamısını tövsiyələri yerinə yetirəcəksə, əlbəttə ki, nəticə də sonda yaxşı olacaq. 

Mənim bir neçə xəstələrim var ki, 10 il bundan qabaq olunan əməliyyat – süni sidik kisəsi və o adam elə bu yaxında mənə zəng eləmişdi ki, 

“Həkim, hər şey yaxşıdır, normaldır, yaşayıram.” 

Yəni, belə… Çox vacib bir mövzudur. 

Süni sidik kisəsi əməliyyatı hər kilinikada edilmir

Bəzən xəstələr çox ciddi yanaşmır bu məsələyə ki, 

“Əşi.. Sidik kisəsidir də… Yəni götürüldü, getdi də…” 

Yox, bu elə deyil. Bu, uroloji, onko-uroloji mövzuda ən çətin əməliyyatlardan biri gedir. Bu əməliyyatlar ümumiyyətlə, hər bir klinikada olunmur. 

Rusiyanı götürsək, Avropanı götürsək, süni sidik kisəsi əməliyyatı çox vaxt haradasa böyük mərkəzi xəstəxanalarda olunur. 

Çünki uroloqla yanaşı orada başqa həkimlərin də köməyi lazım ola bilər. 

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *