Yunanca ektome (kəsmə, çıxartma, kənar etmə) sözündən götürülən ektomia cərrahi əməliyyatla orqan və toxumaların xaric edilməsi mənasına gəlir. Hədəf orqan adının sonuna əlavə edilərək istifadə olunur. Məsələn, nefrekektomia – böyrəyin əməliyyatla götürülməsi deməkdir.
Category: Uroloji lüğət
-
adyuvant terapiya
Latınca adjuvāre sözündən götürülən adyuvant sözünün mənası “kömək etmək” deməkdir.
Xərçəng xəstəliyinin radikal müalicəsi zamanı cərrahi əməliyyatla şişin götürülməsindən sonra bir çox halda dəstəkləyici müalicə (adyuvant terapiya) təyin olunur.
Bu şüa terapiyası, kimyaterapiya, immunoterapiya, hormon terapiyası və s. ola bilər.
-
adenoma
Adenoma vəzidə inkişaf edən xoşxassəli şişə deyilir.
Urologiyada adenoma termini adətən prostat adenomasını ifadə etmək üçün istifadə olunur. Bu, prostat vəzinin xoşxassəli böyüməsidir və əsasən yaşlı kişilərdə müşahidə edilir.
Prostat adenoması ciddi təhlükə yaratmasa da, sidiyə çıxmada problemlərə səbəb ola bilər.
-
biopsiya
Diaqnostik məqsədlə canlı orqanizmdən mikroskopik müayinə üçün yarılaraq və ya digər üsulla götürülmüş toxuma tikəsi və orqanların mikroskopik müayinəsi.
-
remissiya
Xəstəliyin əlamətlərinin azalması və ya tamamilə itməsi remissiya adlanır. Bu termin həmçinin azalma və ya itmənin baş verdiyi dövrü adlandırmaq üçün də istifadə olunur.
Qismən və ya tam remissiya ola bilər. Qismən remissiya termini fərqli xəstəlik tipləri üçün fərli mənalara gələ bilər. Məsələn xərçəng xəstəliyində qismən remissiya müayinə zamanı şişin ölçülərinin 50% və ya daha çox azalmasının aşkar olunmasına deyilir.
Tam remissiya xəstəliyin əlamətlərinin tamamilə itdiyi mənasına gəlir. Tam remissiya əldə olunan xəstə “sağalmış” sayıla bilər. Lakin həkimlər “xəstəliyin qayıtması” ehtimalına qarşı adətən ehtiyatla “xəstəliyə dair heç bir sübut yoxdur” deyirlər.
-
palliativ
Xəstəliyin özünü yox, nəticələrini aradan qaldırmağa və beləliklə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa hesablanmış müalicə.
Onkoloji xəstəliklərdə, irəli mərhələlərdə xəstəliyi sağaltmaq və ya ömrünü uzatmaq mümkün olmadıqda, xəstəliyin əlamətlərini aradan qaldırmaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə palliativ müalicə həyata keçirilir.
