Əməliyyat üçün xəstəxana seçimini necə etmək lazımdır?

Tutaq ki, xəstə bir əməliyyata hazırlaşır. Lap götürsək, çox ciddi böyrək daşı olsun, mərcanvari daş kimi, tutaq ki, ya hansısa bir onkoloji əməliyyat olsun. Burada bir az xəstəxanaların üstünlüyündən danışmaq istərdim.

Yəni ki, bütün xəstələr bilməlidir ki, əgər xəstə hansısa böyük bir əməliyyata hazırlaşırsa, hansısa ciddi bir əməliyyata hazırlaşırsa… Burada bir az “ciddi” deməyim bir az düzgün deyil. Çünki ümumiyyətlə, hər əməliyyat ciddiləşə bilər və ciddidir. Uzunmüddətli əməliyyatlar, hansından sonra ki fəsadların riski daha çox olur…. 

Doğru əməliyyat sualları

İlk növbədə xəstə həkimə gedəndə və əməliyyatdan danışanda, yəni ki, başa düşürəm, indi hamı nə qədər yatacaq onu soruşur, məsəl üçün, maliyyə məsələsini soruşur. Amma əslində fikir vermişəm ki, Azərbaycanda lazım olan suallar az verilir. 

Lazım olan suallar nədir? 

Yəni xəstə soruşmalıdır ki,

“Bu əməliyyatdan sonra hansı fəsadlar var?”

“Hər fəsadın həmin xəstədə riski neçə faiz ola bilər?”

Bunlar lazım olan suallardır. 

Nəyə görə? 

Çünki, əgər siz gedirsinizsə, hansı bir onkoloji əməliyyat eləməyə və həkim deyirsə, “Hər şey yaxşı olacaq.” Bu, necə deyim, bir tərəfdən, düzdür, xəstənin əhval-ruhiyyəsini qaldıra bilər, amma burada bir az realist olmaq lazımdır. 

Yəni reallıqdan danışmaq lazımdır ki, yəni iki dənə xəstə götürsək, hər xəstədə eyni bir xəstəlik olsa bu tamamilə fərqli adamlardır. Və bir xəstədə bu əməliyyat, ya əməliyyat sonrası period məsəl üçün heç bir ağırlaşmasız keçə bilər, amma ikinci xəstədə daha dəhşətli, ya faciəvi hansısa fəsadlarla keçə bilər, ağırlaşmalarla. 

Ona görə, əgər xəstə qabaqcadan bu fəsadların risk faizini bilirsə, xəstə özünü bəzi nüanslara hazırlaya bilər. Yəni gözləyə biləcəyi şeylərə hazırlaya bilər özünü. Çünki heç bir cərrah əməliyyatın ağırlaşmalarından sığortalanmayıb. 

Əməliyyat riski həmişə var

Cərrahlar arasında belə bir söz var:

“Əgər cərrah deyirsə, onun heç bir fəsadı heç vaxt olmayıb, deməli, o, əməliyyat eləmir.” 

Fərqi yoxdur, urologiya oldu, ginekologiya oldu, hansı bir sahə oldu, xəstə gəlirsə və o xəstəyə mütləq hansı ağırlaşmaların ola biləcəyi riskini açıqlayırsa və tam şəkildə bunu izah edirsə xəstəyə, deməli bu cərrah bütün bu fəsadları, ağırlaşmaları nəzərdə tutur. 

Tam şəkildə bunu demək də əsas deyil. Əsas məsələ ondan ibarətdir ki, cərrah bunları bilir və tutalım, bu fəsadlar, ağırlaşmalar olarsa, bunların həll etmə yollarını da bilir. 

Xəstəxana seçimi və risklər

İndi biz qayıtdıq xəstəxana məsələsinə. Xəstə hansısa bir ciddi, böyük bir əməliyyata hazırlaşırsa və tutaq ki, o əməliyyatlarda hansısa fəsadların riski var, yaxşı olardı ki, o xəstə öz əməliyyatını multidissiplinar və ya multisentral bir xəstəxana içərisində planlayardı. 

Nəyə görə? 

Biz əməliyyat edirik hansısa bir xəstəni. Xəstədə ağırlaşma olur. 

Ağırlaşma: məsəl üçün, qanaxma ya başqa fəsadlar olur. 

Tutaq ki, böyrək törəməsidir, hansısa magistral böyük bir damara irəliləyib bu xəstəlik, əməliyyat zamanı biz bunu başa düşürük ki, məsələ daha da ciddi imiş, nəinki kompyuter tomoqrafiyanın göstərdiyi şəklində. Tutaq ki, bizim xəstəxanada kardio-damar cərrahları var. Nə vaxt bizə lazım olsa, biz onları çağırırıq ki, bu magistral damarlarda olan problemlərin həllində kömək etsinlər. 

Bəzi xəstələrdə qanaxma ola bilər əməliyyatdan sonra. Əgər o qanaxmanı konservativ yolla, yəni müalicə, dərman yolu ilə həll etmək mümkün olmursa, həkim yoldaşlarımız, tutaq ki, invaziv radioloqlar bizə bu barədə kömək edə bilər, mini invaziv şəkildə bu xəstənin qanaxmasını dayandıra bilərlər. 

Reanimasiya şöbəsi burada vacibdir. 

Çünki əgər xəstədə böyük əməliyyat planlaşdırılırsa, bəzi hallarda xəstə əməliyyat sonrası reanimasiyaya düşə bilər və bu əslində normal bir haldır, bundan qorxmaq lazım deyil. 

Nəyə görə? 

Çünki böyük bir əməliyyatlardan sonra xəstələrdə maye disbalansı yaranır, bəzi nüanslar olur, bəzi dərmanların çox ciddi nəzarət altında vurulması lazım olur. Bunların hamısı reanimasiya şöbəsində olmalıdır. Yəni ki, yaxşı reanimasiya olmalıdır. 

Burada əslində mən çox da alətlərdən danışmaq istəməzdim. Yəni əslində ən minimal hansısa alətlər hər yerdə var. Burada təcrübəli reanimatoloq həkim olmalıdır. Xəstəni tez şəkildə dəyərləndirib müalicə yolunu xəstəni toparlamaq üçün seçməlidir. 

Xəstəxanada hansı şöbələr var?

Burada vacib məqam odur ki, yəni xəstəxananın özü böyük olsa belə, o vacib deyil. Amma onun içində olan şöbələr… Tutaq ki, bir xəstəxanada neyrocərrahiyyə, kardiocərrahiyyə, bir neçə reanimasiya olan xəstəxana, invaziv radiologiya… Belə bir şöbələr olanda, o, xəstə üçün daha rahatdır. 

Çünki sabahsı gün əgər xəstədə hansısa bir fəsad olanda həmin o fəsadı bu xəstəxananın içindən çıxmayaraq bu məsələləri həll etmək olar. Yəni bu, vacib bir məqamdır. 

Biz işlədiyimiz xəstəxanada bütün bu üsullar var, bütün bu şöbələr var. Və bəzi halda biz onlara köməklik edirik, bəzi hallarda onlar bizə köməklik edirlər. 

Bu, çox vacib bir məsələdir və xəstələr bunu hansısa böyük bir əməliyyata gedəndə fikirləşməlidirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *