Sidiyin tərkibində hansı maddələr olmamalıdır?

Sidik analizində və sidiyin tərkibində hansı maddələr, hansı elementlər olmamalıdır, olması normadan kənar sayılır? 

Çox vaxt xəstələr mənə suallar verir ki, “Bax, bu göstərici məndə belədir, bu normaldırmı?.” İnsanlar sidik analizinə baxanda heç olmasa bilməlidirlər ki, nə normadır, nə norma deyil. 

Sidikdə şəkər olmamalıdır

Əslində sidik analizinin strukturu var. Yəni kim sidik analizinə baxıbsa, görüb ki, orada yuxarıdan aşağı gedəndə, ilk hansı göstəricilər olmamalıdır: bu, sidikdə şəkər, yəni ki, qlükozadır. Yəni ki, sidikdə qlükoza – şəkər dediyimiz bir maddə olmamalıdır. 

Amma belə hallar olur, əsasən də şəkər xəstələrində və bu normal deyil. 

Əslində sidikdə şəkərin olmağı, bəzən xəstələrin adekvat müalicə olmamağına görədir. Yəni ki, şəkər xəstəliyi adekvat müalicə olmur və bununla bağlı da şəkər, loru dildə desək, sidiyə düşür və bu normada olmamalıdır. 

Sidikdə nitrit, keton varsa?

Sonra belə bir göstəricilər var: nitrit, keton dediyimiz göstəricilər. 

Əslində bu göstəricilər böyrək çatmamazlığında artır. Amma hansısa bir halda cüzi bir miqdarda olmalıdır. 

Yəni əgər sizin sidik analizində belə bir göstərici varsa, bu panika üçün səbəb deyil. Sadəcə məsləhət görülür ki, hardasa bir həftədən sonra bu analiz təkrar verilsin. 

Sidikdə leykosit, eritrosit varsa?

Sonra getdikcə uroloqların baxdığı göstəricilər: leykositlər və eritrositlər dediyimiz göstəricilərdir. 

Leykosit sidikdə yüksəkdirsə, bu o deməkdir ki, sidik sistemində iltihab var. 

Bəzən xəstələr mənə deyir ki, “Həkim, leykosit, 2-3 olmalıdır…” Hər reaktivlə bağlı ayrı bir göstərici var. Amma normada 5-ə qədər norma sayıla bilər. 

Mənə analiz nəticəsi göndərirlər ki, “Həkim, məndə leykosit 7-dir…” 

Əgər doğrudan da xəstədə iltihab prosesi varsa, leykositlər bir neçə dəfə artır. Yəni tutalım, norma 5-ə qədərdirsə, xəstələrdə bu haradasa bir 20, 30, 40, 50 və ya ondan artıq ola bilər. 

Eritrosit dediyimiz göstərici – yəni ki, qan (əslində eritrosit qan hüceyrəsidir) sidikdə bir dənə, 2 dənə maksimum ola bilər. 

Bəzən xəstələr görür ki, sidik analizində yazılır, “dəyişdirilməmiş” və “dəyişdirilmiş” eritrositlər. 

“Dəyişdirilmiş” və “dəyişdirilməmiş” eritrosit nə deməkdir? 

“Dəyişdirilmiş” – bu o deməkdir ki, bu həmin qan hüceyrəsi sidiyin içində müəyyən vaxtı qalıb və sidikdə qaldığına görə həmin o qan hüceyrəsində müəyyən proseslər gedib və dəyişdirilib. 

“Dəyişdirilməmiş eritrosit” – bu, o deməkdir ki, hələ buna “sidik dəyməyib”. Yəni müəyyən proseslər getməyib. 

Həkimlər üçün bu eritrositin dəyişdirilmiş və dəyişdirilməmiş olmağı problemin harada olduğunu başa düşməkdə kömək edir. 

Əgər dəyişdirilmişdirsə, bu çox güman ki, sidik sisteminin yuxarı hissəsindən gəlir. Yəni, böyrək, sidik axarı tərəfindən ola bilər. 

Amma dəyişdirilməmişdirsə, bu eritrosit aşağı sidik yollarından gələ bilər. Yəni ki, sidik kisəsi, prostat vəzi, sidik kanalı – bu hissələrdən. 

Sidikdə bakteriya tapılıbsa?

Sidik analizinə yenə geri qayıtsaq, orada belə bir göstərici də var: “bakteriya” və ya bəzi hallarda yazılır “mikroflora”.

Xəstələr görə bilər ki, tək-tək bakteriyaların adları yazılıb və ya da adlardan birinin qarşısına + qoyula bilər. 

Əslində sidiyin analizində bakteriya tapılması, əgər sizdə heç bir şikayət yoxdursa, normadır. 

Bütün göstəricilər normaldırsa və sizdə ancaq bakteriya yazılıb, bir + qoyulub, və ya tutalım, tək-tək yazılıb. Bu, qorxuya bir səbəb deyil və bununla heç nə eləmək lazım deyil. Ancaq tövsiyəm odur ki, maye qəbulunu artırasınız.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *